“Müxalifət Nazirliyi”nin 2 "centlmen"i

Bir var statistika, ümumi kənardan baxış, bir də var, insan taleyi, hər bir fərdin hiss etdikləri, yaşadıqları. Biri realist, biri isə moralist yanaşmadır.

23 il bitib artıq, 24-cü ildir. Biz eyni rejimdə gedirik. Realist yanaşma ilə siyasi həyatda dəyişən çox az şey var, moralist yanaşmaya görə isə çox şey dəyişib.

Bir qrup insan 23 il əvvəl hərbi çevriliş vasitəsilə hakimiyyəti qəsb edib, o zaman əhalinin əhəmiyyətli hissəsi bu xuntaya qarşı müxalifətə keçdi. Xuntanın başında isə KQB, Rusiya general-mayoru dururdu, çox ağıllı idi, müxalifətin bir marginal qrupdan ibarət olmadığını görürdü və ona görə də onlarla hesablaşırdı. Bu vəziyyət generalın ölümünə qədər davam etdi. Lakin məsələ burasındadır ki, o ölənə qədər həmin müxalifətin rəhbərləri də onunla heablaşır və bir centlmen razılaşmasına əsasən, onun hakimiyyətinin devrilməsi üçün potensiallarından istifadə etmirdilər.

Bəzən seçkilər zamanı müxalifətin birləşib hakimiyyəti devirmək potensialının olduğu məlum olurdu. Amma hər dəfə ortaya bir müxalifət lideri çıxır, öz arxasınca gələn yüz minlərlə insanı bu birləşmə prosesindən kənar qoyur, generalın növbəti qələbəsi üçün münbit şərait yaradırdı. Növbəti seçkidə bu müxalifət lideri birləşmənin təəssübkeşi kimi çıxış edir, bu zaman öz kütləsini birəşmə prosesindən kənarda saxlamaq obrazını başqa aktyor öz üzərinə götürürdü.


Beləcə generalın iqtidarda və onun centlmen sazişi üzrə tərəfdarlarının müxalifətdə hakimiyyəti davam edirdi. Bir gün general öldü. İqtidardakılar müxalifətlə razılaşmadan 4 gün sonra varisi müəyyən etdi, özü də generalın adından. Amma general yox idi, bir çox adam müxalifətin o vaxtkı ən güclü lideri İsa Qəmbəri bu qeyri-legitim varislik şəraitindən yararlanıb hərəkət etməyə çağırdı. Amma İsa bəy düşündü ki, “Bu da atasının oğludur. Centlmen razılaşmasını davam etdirmək olar”. Və bəy icazəli aksiyalar cızığından kənara çıxmadı.

Amma bəyin potensialı onun qorxaqlığının sərhədlərini aşdı, 16 oktyabrda İsa Qəmbərin razılığı olmadan minlərlə insan Azadlıq meydanına töküldü. Təbii ki, nə müxalifət, nə də iqtidar tərəfindən meydana çıxmağı razılaşdırılmış bu fədakar insanlar əzilməyə başlandı. Bu insanlar qanına qəltan edildilər. İsa bəy isə illər sonra açıqlama verdi ki, “mən o zaman evdə idim, çıxsam, tutardılar”. Bu ev tətili zamanı isə İsa bəyin prezident olması uğrunda mübarizə aparan insanlar ağlasığmaz işgəncələr altında liderləri əleyhinə ifadə verməyə məcbur edilirdilər. Bir çoxu da ifadə vermirdi, lakin xəbərləri yox idi ki, həmin lider mitinq zamanı qərargahda olmadığına, ümumiyyətlə evdən çıxmadığına camaatı inandırmaq uğrunda mübarizə aparır.

Amma İsa bəy ağıllı adamdır, yeni centlmen sazişi yüzlərlə müsavatçının qanı üzərindən qüvvəyə mindi. Amma müxalifətin hamısının yeni sazişə əməl edəcəyi bilinmirdi. Etmədilər də. 2005-də Əli Kərimli varislə saziş bağlamaqdan imtina etmək iradəsi göstərdi, icazəli mitinqin vaxtı qurtaranda meydanda oturdu və hamını oturmağa səslədi. Təxminən 15-20 dəqiqəyə on minlərlə insanı meydandan kürüyüb atdılar, elə Əli bəyi də. O da yeni centlmen sazişinə əməl etməli oldu. Bəs əməl etməyənləri nə gözləyir? Bunu bir az sonra – 2013-cü ildə görəcəkdik.

Yeni centlmen sazişinin mahiyyəti isə belədir: iqtidar müxalifət olaraq yalnız 2 partiyanı tanıyır. Özü bəzən bəzi partiyaları cib müxalifəti kimi təqdim edəcək, amma hər bir halda beynəlxalq təşkilatların, xarici səfirliklərin apelyasiya etməsi üçün əsl müxalifət kimi bu 2 partiyanı saxlayacaq. Əvəzində bu 2 partiya özlərindən başqa müxalifətin mövcud olmaması üçün əllərindən gələni edəcəklər, əlbəttə, bu sahədə iqtidar da öz böyük zor aparatı ilə yardımçıları olacaqdı. Bir sözlə, AXCP və Müsavat “Müxalifət Nazirliyi” olaraq, fəaliyyətlərinə davam edə bilərdilər. Bu partiyaları idarə edənlər buna razılaşdılar. Bu, həm də iqtidarın Qərb qarşısında demokratiya imitasiyası oyununa rəng qatan əsas dekor oldu.

AXCP və Müsavatdan kənar müxalifət olmaq cəhdi (fərdi və ya təşkilat olaraq – fərq etmir) AXCP və Müsavatın təhqirlərinə, lağlağılarına, qınamalarına, bəzən böhtanlarına, şantajlarına tuş gəlmək deməkdir. Belə cəhdlər isə 2011-ə qədər təşkilatlanmış səviyyədə, demək olar ki, olmurdu. 2008-də Real hərəkatı yaradılmışdı, amma onların da əsas fəaliyyəti bir neçə il sonra nəzərə çarpdı. Realın sədri İlqar Məmmədov həmişə cəbhəçi və müsavatçılar tərəfindən “2003 London danışıqlarının tərcüməçisi” adlandırılaraq, aşağılandı. Ta ki həbs olunana qədər. Cəbhəçi və müsavatçılardan dəfələrlə eşitmişəm ki, “İlqar Məmmədovu çox da böyütməyin. Həbsdən çıxsın, görərsiniz, nədir.” Bu, o deməkdir ki, “qoy həbsdən çıxsın, görün, onu nə günə salırıq”.

Realdan başqa meydana Nida da çıxmışdı 2011-də. 2013-də isə Nida indiyə qədərki fəaliyyətinin ən parlaq dövrünü yaşayırdı. Mitinqlər Nidasız alınmazdı. İcazəsiz aksiyaların əsas hərəkətverici qüvvəsi Nidadakı gənclər idi. Amma Nidada da 2 düşərgə var idi – partiyalara tərəfdar olanlar və partiyaların əleyhdarları. O zaman Nida güclü idi və daha çox siyasi partiya üzvü olmayan insanları cəlb edirdi özünə. Ona görə də partiya əleyhdarları da daha üstün mövqeyə malik idilər. Partiya tərəfdarları isə özləri bu “dəcəllər”in öhdəsindən gələ bilmirdilər deyə, ümumi prosesin onların xeyrinə nəticələnməsini gözləyirdilər. “Müxalifət Nazirliyi” Nidanın öhdəsindən gələ bilməyəndə iqtidar özü işə düşdü. 2013-də başlanılmış Nidaya qarşı kütləvi repressiya Hərəkatı yarımcan etdi və bir neçə il sonra tamamilə çökdürdü.

Nidanın müstəqil, partiya mövqeyi ilə barışmayan üzvləri həbs edildi, 6-8 il azadlıqdan məhrum etməyə məhkum edildilər. O vaxt Nidaya dəstək xətrinə çoxlu yeni üzv gəldi, amma reklam olunmasa da, bundan dəfələrlə çox üzv də həbsdən ehtiyat edərək, Nidadan çıxdı.

Realın isə başına başqa cür oyun açıldı. “Müxalifət Nazirliyi”nin İlqar Məmmədov haqqında hədyanları işə yaramayanda iqtidar yenə köməyə gəldi. İlqar Məmmədov, ardınca Rəsul Cəfərov həbs olundu, digər İdarə Heyəti üzvləri barəsində cinayət işi açıldı, bir çoxu ölkədən qaçdı, onların QHT fəaliyyəti çökdürüldü və Real bir kluba döndərildi.

Meydan qaldı yenə “Nazirliy”in ixtiyarında. 2005-ci ildə qurulması başa çatdırılmış meydan 2016-cı ildə artıq bərpa edilmişdi. Ortada nə Nida vardı, nə də xalqa çatımlı Real. Üstəgəl, demokratiyanı sərhədlərdən xeyli uzaqlaşdıran Türkiyədəki darbe cəhdi oldu. Dərhal referendum elan olundu ki, konstitusiya dəyişdirilir. Bu “referendum” isə artıq yeni varis hazırlayırdı. Yeni varislə yeni centlmen sazişinə hazır olduğunu sübut etmək isə “Müxalifət Nazirliyi” üçün növbətçi mitinqlərdən keçirdi. Heç bir etirazçı təşviqat qrupu qeydə alınmamışdı. Təcili 5-10 min adamın bir yerə toplaşıb icazə verilən yerdə icazə verilən müddətdə icazə verilən şüarları deməsinə ehtiyac var idi. Bir az da sutkalıq həbslərlə bəzək-düzək veriləcəkdi. Bu potensiala malik yeganə qurum isə “Müxalifət nazirliyi”dir – saf, vicdanlı, əqidəli minlərlə üzv, bu üzvlərin saflığından, vicdanından, əqidəsindən sui-istifadə etmək qabiliyyətinə malik olduğunu dəfələrlə sübut etmiş liderlər. “Nazirlik” dərhal meydana atıldı. Ard-arda mitinqlərdə hansı şüarların qışqırılmasını da polislər müəyyən edirdi. Amma artıq mitinqlər növbətçilik reysindən çıxa bilərdi. Dayandırmaq lazım idi. Yenə iqtidar qardaş köməyə gəldi. Həbsləri çoxaltdı, “nazir”lərdən biri mitinqindən imtina etdi, o birinin tərəfdaları bunun tərəfdarlarını qınadı, yeni mövzu yarandı və... vəssalam, məsələ bitdi. Övladlarının üzünə necə baxacağını düşünə-düşünə 3-cü onillikdir, mübarizə aparan insanlar isə çaşqın halda kimi qınayacaqlarını bilmədən bir az döyüküb iqtidarın müəyyən etdiyi yeni gündəmlərə geri qayıtdılar.

Bütün bunlar statistik, kənardan görünən tərəflərdir, yəni realist yanaşma ilə çox şey dəyişməyib. “Müxalifət Nazirliyi”nin centlmen sazişləri varisdən-varisə yenilənə-yenilənə gəlir, iqtidar da dəyişmir, müxalifət də. Əli Kərimli Stalin kimi yeganə namizəd olaraq partiyasındakı sədr seçkisinə qatılır (bir dəfə bir partiya üzvü namizədliyini vermişdi ki, bu oyun seçkiyə oxşasın, onda da onu əlüstü “KQB-şnik” çıxarıb namizədliyini geri götürməyə vadar etmişdilər), İsa Qəmbər isə 24 illik kabinetindən “nazirliy”in idarəçiliyi ilə məşğuldur. Ciddi dəyişən nəsə yoxdur. Real və Nida dəyişiklik yaratmağa çalışsalar da, bir şey alınmadı.

Moralist yanaşmada isə çox şey dəyişib – on, bəlkə də yüz minlərlə insanın mübarizəsi 2 nəfərin “centlmen”cəsinə hakimiyyətlə razılaşmasına qurban gedib. Və beləcə davam edir. Yeni gənclər qoşulur mübarizəyə, hərəsi də bir dünya arzu, ölkələrinə sevgi, ideyalarına sadiqlik ilə. Bu gənclər ya “Müxalifət nazirliyi”nə inanmalıdırlar, ya da aşağılanma cəhdləri ilə uzaqlaşdırılmalıdırlar. Beləcə ölkənin potensialı həm də ona görə məhv edilir ki, 2 nəfərin müxalifətdə hakim olmaq ehtirası təmin edilsin. Axı demokratiya şəriaitində onlar kimin nəyinə lazımdırlar? 24-27 ilə partiyalarından bir gənci belə lider kimi yetişdirib çıxara bilməyən, yetişənləri də Osmanlı padşahları qardaşlarını çıxdaş edən sayaq partiyadan uzaqlaşdıran insanlar, qərargahsız vəzifəsindən, bir kabinetindən çıxa bilmək mənliyi olmayan insanlar ölkədə hansı dəyişikliyi həyata keçirə bilərlər ki?!
Demokratiya şəraitində hətta əvvəlcə seçiləsələr də, 4-5 il keçməmiş biabırçılıqla hakimiyyətlərini itirəcəkləri məntiqli və tənqid etməyi bacaran adamlarda şübhə yaratmaz. Demokratik şəraitdə onlar nə iqtidar olacaqlar, nə də müxalifət. Hamam-tualetli kabinetlərini də itirəcəklər, təknamizədli “seçki”lərini də. Ona görə bərk-bərk yapışıblar, bu qədər insanın vicdanı, cəsarəti, bəzən qanı üzərindən öz sədrliklərini, başqanlıqlarını qoruyurlar.

Bəli, moralist yanaşmada çox şey dəyişib. Çox insanın həyatı məhv olub gedib. Amma bir az dərindən baxanda elə realist olaraq da nələrinsə dəyişdiyini görə bilərik. Bu yaxında məlum oldu ki, Diplomatik Akademiyada 2013 mitinqləri tədrisə daxil edilib. Çünki bu, bu xalqın həm iqtidara, həm də onun “Müxaifət Nazirliyi”nə qarşı 2003, 2005 ayaqlanmalarından bəri yeganə siyasi uğurudur. Və həmin gənclik parça-parça edilib. Bu isə “Müxalifət Nazirliyi”nin uğurudur.

Comments