Kimdir terrorçu - Əsəd, üsyançılar, yoxsa İŞİD?

Məğlubiyyət yetim olur. Üsyançılar qalib gələndə çox adam onların tərəfində olur, amma məğlub olanda məlum olurmuş ki, sən demə bunlar terrorist imiş, zorakılıq edirmiş. Təxminən 5 il yarım əvvəl Suriyada mitinqçilərə qarşı tank yeridilmişdi. Əlbəttə, hər kəs tankın qabağında Tyananmen əfsanəsi kimi durmur (bəlkə də, duranlar olub, amma tapdalanıblar). Çox adam gedib bir tank tapır, qarşılıqlı döyüşürlər. Beləcə vətəndaş müharibəsi başlayır.

Kim başladır bunu? Mənim buna 1 cavabım var - yarım əsrdən çox hakimiyyətdən əl çəkməyən, insanları yerdəki ədalətdən əlini üzüb göydəki ədalətə müraciət etməyə vadar edən, sekulyar müxalifəti daim repressiya edib dinin mövqelərini gücləndirən, korrupsiyanın dibində olan, amma heç vaxt doymayan insanlar.

Bunlardan sonra gələn təqsirkarlar hamısı təfərrüatdır. Bilirsiniz, nəyə oxşayır?! Biri mənim ailə üzvlərimi öldürür, mən də atılıram bunun üstünə, dava başlayır, heç cürə bir-birimizi öldürə bilmirik. Əvəzində ortada qalan günahsız insanlar da ölür hətta. Amma mən o əclafı öldürmək istəyirəm axı. Qisas təbii hissdir. Yalnız ibtidai cəmiyyətlərə aid deyil. Əksinə, indi qisas hüquqi dövlətlərdə cilovlanır, dövlətin səlahiyyətinə verilir. “Gözə göz, dişə diş” prinsipi yox, hüquq işləyir. Kimsə sənin atanı öldürübsə, sən gedib onun atasını öldürməli deyilsən. Onu hüquq-mühafizə və məhkəmə orqanları vasitəsilə cəzalandırmalı, insani cəzalar çərçivəsində də onun əzab çəkməsi ilə öz qisas hissini təmin etməlisən. Amma idarə edən rejim hüququ tətbiq etmirsə, əksinə özü qisas alınmalı subyektə çevrilirsə, onda əvvəl-axır bu dava çıxır. Sonra bir qrup adam (ikimizə də silahları satan adamlar) gəlib mənə deyirlər ki, “Silahı qoy yerə, imkan ver, o əclaf yenə sənin evinə girsin, səni idarə eləsin, söz veririk, səni öldürməyəcək.” Mən razılaşmıram və adım olur "terrorist".


Terror bəraətsiz bir şeydir. sadəcə məsələ burasındadır ki, terroru yaradanlar onun icraçılarından daha çox təqsirkardır. Terroru yaradanlar insanların hüquqlarını pozan, kütlələr üçün dini cəlbedici hala gətirən əclaflardır. İcraçılar hər zaman tapılacaq. 3-5 min icraçını təqsirləndirməklə, edam etməklə iş həll olunmur. Əgər bir hal kütləvidirsə, kütlədəki hər həs təqsirkar deyil, bu vəziyyəti yaradan və yaşadanlardır təqsirkar. Hakimiyyətdə yenə o əclaf qalacaqsa, yenə terrorçular yetişəcək, çünki onlar əli hər yerdən üzülən milyonlarla insana cənnət vəd edirlər.

Terror icraçılarının da, təşkilatçılarının da təqsirləndirilməsi əksəriyyət üçün şərti xarakter daşıyır. Çünki əsas məsələ qalibin kim olmasıdır. Kütlə qalibi adətən haqlı sayır. Kastro məğlub olsa idi, indi onu qəhrəman elan edənlərin əksəriyyəti üçün sadəcə terrorçu və ya tanımadıqları bir adam idi. Çünki bu adamlar nə qədər solçu və ya başqa ideologiyalı cəsur, idealist adamın məğlub olduğunu bilmirlər və adətən araşdırmırlar da (istisnalar həm məğlub idealistlər arasında, həm də kütlə arasında var). Onlara qaliblər lazımdır, yetimlər yox.

Botsvanada səsvermə demokratiyası və korrupsiya ilə uğurlu mübarizə təcrübəsi var. Bilirsiniz bu, necə olub? 19-cu əsrdə burlar (hollandlar) Cənubi Afrikanı tutmuşdular, şimala irəliləyirdilər. Botsvana ərazisindəki Setsvana tayfaları bundan narahat oldular. Çünki burlar tutduqları yerdə dəhşətli irqçi, quldar rejim tətbiq edirdilər. Setsvana tayfaları yığışıb 4 tayfa başçısını seçib Britaniyaya göndərdilər ki, ingilislərdən kömək alsınlar. Onlar Britaniyanın böyük şəhərlərində oldular, yerli qayda-qanunu, sivilizasiyanı öyrəndilər, Britaniyanın idarəediciləri ilə görüşdülər. O zaman Niderlandla münaqişəli vəziyyətdə olan Britaniyaya setsvanalıları müdafiə etmək sərf edirdi. Ona görə də hollandlar o ərazini tuta bilmədilər. Amma Britaniya Botsvananın daxili müstəqilliyinə toxunmadı. Sivilizasiyanı görüb-götürmüş o 4 tayfa başçısı isə öz ölkələrində Qərb üsulunda idarəetmə tətbiq etdi. O vaxtdan Botsvanada demokratiyanın kökü atılıb, indi də davam edir.

Əgər o 4 nəfər Bəşər Əsəd kimi olsa idilər, Botsvanada da bir çox Afrika dövlətində olduğu kimi vətəndaş müharibəsi ola bilərdi. Hazırda səhranın ortasında demokratiya qurmuş adamlar başkəsən, adamları diri-diri yandıran vəhşilər olacaqdılar. Çünki kütlənin təqsiri olmur. Təqsir onların belə axmaq işlər üçün istifadəsinə şərait yaradan idarəçilərdədir.

Suriyada yüzlərlə qruplaşma var, xeylisi terrorla məşğuldur. Oturub dənə-dənə o qruplarda, onların rəhbərlərində, üzvlərində təqsir axtarmaqla nə isə həll olunan deyil. Niyə yüz minlərlə insan terrorçu olur? Bir nəfərin, bir ailənin hakimiyyət ehtirasına görə. Budur əsas məsələ. Odur əsas terrorçu.

Təbii ki, cinayət törədən cəzalandırılmalıdır. Təqsir fərdi xarakter daşıyır. Amma belə kütləvi hüquqpozma hallarında təqsirsiz icraçılığın harada başladığını, təqsirli idarəediciliyin harada bitdiyini müəyyən etmək çətindir (bu barədə Adolf Ayxmanın mühakiməsi haqqında Hannah Arendt-in “Pisliyin adiliyi” kitabını oxumaq yaxşı olar). Amma Suriyada bu sərhəddən xeyli uzaq insan var – Bəşər Əsəd. Bütün müharibə və orada törədilmiş bütün cinayətlər onun, atasının və bu ailənin rejiminin təqsiridir. Vəssalam. Qalanlarını mühakimə etmək sonranın işidir.


Sadəcə indi Bəşər Əsəd qalibdir, ona görə də insanlar rahatlıq olsun deyə, onu müdafiə etməyi üstün tuturlar. Yetimi müdafiə etmək çətin, əziyyətli bir işdir, əksəriyyət bundan uzaq durmağa çalışır. Məğlubiyyət isə yetimdir. Qalibiyyətin hansı şərəfsizliklər hesabına əldə olunması kütlə üçün o qədər də maraqlı deyil. Əsas nəticədir. Kimdir qalib? Bizə qalib lazımdır. Məğlub? Biz heç onun adını da eşitmək istəmirik, onsuz da hamısı terrorçudur.

Comments