Hər dəfə
Tale Bağırzadə və eyni cinayət işi üzrə digər təqsirləndirilənlərin məhkəmə
prosesindən şok xəbər gələndə sosial şəbəkələrdə müzakirələr qızışır. Bir qrup
adam dini etiqadına görə həbs edilmiş siyasi məhbusları müdafiə edir, digər
qrup isə onları müdafiə etməyin sekulyarizmimiz üçün təhlükəli olacağını deyir.
Düzdür, başqa 2 qrup da fərqləndirmək olar – Talegili İran agenti adlandıranlar
və şiəliyin, şəriətin Azərbaycan üçün daha yaxşı idarəçilik forması olmasını
iddia edənlər. Amma bu ifrat tərəflərlə mübahisə edən azdır deyə, mən bir az
yumşaq olanları izləyirəm.
Nardaran
işi üzrə həbsdə olanları müdafiə etməyin təhlükəli olacağını bildirənlər bir
neçə əsas arqument irəli sürürlər:
1)
Onlar şəriət istəyirlər. Bu isə
bizim müdafiə etdiyimiz dəyərlərə ziddir.
2)
İran təcrübəsi.
3)
Onlar hakimiyyətə gəlsələr,
sekulyarlıq məhv olacaq.
Mən bu
arqumentlərin tərəfdarlarını müdafiə etmədiyimdən öz mövqeyimi bunların tənqidi
üzərində izah edəcəyəm.
Şəriət
özlüyündə bizim müdafiə etdiyimiz dəyərlərə ziddir. Hüquqi, sekulyar,demokratik
dövlətdə faşizm, şəriət qadağandır və ya qadağan olunmalıdır. Amma şəriətlə
yaşamaq istəyən insanın bunu dilə gətirməsinə, təbliğ etməsinə görə həbs edilməsi,
işgəncə görməsi, ömürlük və ya başqa müddətə azadlıqdan məhrum edilməsi də dəyərlərimizə
ziddir. Bəşəri dəyərlər kimi tanınan modernist Qərb dəyərlərinin qalib
olmasının səbəbi nədir? Başqa sözlə, niyə məhz bu dəyərlər bəşəri adını qazandı
və əksər insanlar ona doğru can atır? Əsas səbəblərdən biri toleransdır. Yad
fikrə dözümlü olmağın sayəsində dialoq, birgə fəaliyyət və nəticədə doğruların,
yaxud mövcud situasiyaya daha müvafiqinin tapılması mümkün olmuşdur. Nəticədə Şərq
indi bataqlıqdan çıxma yollarını tapa bilməyəndə Qərb öz inkişafında çox-çox
uzaqlara gedib çıxmışdır.
Əlbəttə, şəriət
müdafiəçisi ilə oturub müzakirə edib humanizmlə şəriət arasında kompromis əldə
etməyə çalışmaq lazım deyil. Şəriət özündə faşist yanaşma ehtiva etdiyindən
birmənalı olaraq rədd edilməlidir. Amma insanın fikirləşməsi, bunu ifadə etməsi
hüquq pozuntusu deyil. ABŞ Ali Məhkəməsinin məşhur hakimi Oliver Vendel
Holmes-ın məşhur ifadəsi var: “Ağzına qədər dolu teatr salonunda “yanğın” deyib
qışqırmaq”. Holmes deyirdi ki, yalnız bu kimi hallarda ifadə azadlığı məhdudlaşdırıla
bilər. Yəni narahatedici ifadə dərhal hərəkətə zəmin yaratmırsa, ümumiyyətlə, dərhal
hərəkət yarada bilmirsə, o, qadağan olunmamalıdır.
Tale
Bağırzadəni müdafiə etməmək onun cəzalandırılmasına razı olmaq deməkdir –
yalnız ifadə azadlığına görə. Belə çıxır ki, buna razı olan insanlara görə, Azərbacan
şəriətə o qədər təşnədir ki, şiə din xadiminin “Hüquqlarımız pozulur”, “Hüseyn
yolunu tutmalıyıq” və s. tipli çağırışları ağzına qədər adamla dolu teatr
salonunda “yanğın” qışqırmaq effekti verir. Həqiqətən belədirmi? Azərbaycanı
tanıyan kim inanar buna?
Bu zaman
ikinci arqumentə keçirik. Buna inanan adamlar var və iddia edirlər ki, İran
nümunəsi çox yaxın keçmişdir, daha doğrusu heç keçmiş də deyil, indidir. İranda
şiəliyin xristian kilsəsi kimi institutlaşması, Qumun “İslamın Roması”ndan (Səudiyyədən)
ayrılmaq üçün “İslamın Konstantinopolu (Moskvası)” olması, İran ayətullahlarının
hörmətinin, hierarxiyasının və s.-nin bizim mollarla müqayisəyəgəlməz bir
fenomen olması məsələləri uzun söhbətdir. Bu möhkəm arqumentlər bir qırağa
qalsın. Siz həqiqətən də düşünürsünüz ki, İranda şəriətin qalib gəlməsində təqsirkar,
şahın əzdiyi dini xadimləri müdafiə edən insan hüquqları müdafiəçiləridir? Dəyərlərini
bölüşmədiyimiz insanların hüquqlarını müdafiə etdiyimiz zaman 2 cür ziyan
ortaya çıxır:
-
Konkret ziyan – Azərbaycanda
Nardaran işi məhkumlarını müdafiə edən insanlar – ictimai sektorun bir hissəsi
o qədər nüfuzlu, xalq kütlələrini idarə etmək imkanında olan insanlar deyillər
ki, onların Tale Bağırzadə haqqında humanizmdən kənara çıxmayan facebook
statusları nə isə dalğa yaratsın, yaxud xalqı şəriətə yönəltsin, yəni konkret,
praqmatik ölçülə bilən ziyan vursun.
-
Mənəvi ziyan – bu, daha çox fərdi
məsələdir. İnsanlar öz vicdanları qarşısında cavab verirlər. Kimsə yuxarıda
qeyd etdiyim bəşəri dəyərlərdən kənara çıxmadan şəriət tərəfdarlarını müdafiə
edirsə, inanmıram, o insan vicdan əzabı çəksin və çəkməyə layiq olsun. Hətta nə
vaxtsa, Azərbaycanda şəriət rejimi qurulsa da, indi Tale Bağırzadəni müdafiə edən
bu humanistlərin təqsirini axtarmaq gülünc olacaq.
Həndəsədə
“əksini fərz etməklə isbat” deyə bir üsul var. Fərz edək ki, hamımız bir nəfər
kimi Nardaran işi üzrə tutulanları danlayırıq və müdafiəsindən imtina edirik,
onlarla məhkum olunduqları maddələrə layiq insanlar arasında fərq qoymuruq.
Hesab edirsiniz ki, 300-400 nəfərin belə etməsi ilə nə vaxtsa Azərbaycanda şəriət
qurulmasının qarşısını alacaqsınız, yoxsa azadlıqda qalan nardaranlıları
sekulyar edəcəksiniz, yoxsa şəriət və liberal rejimlərin onlara isti-soyuğunun
olmadığını düşünən mütləq çoxluğa başa sala biləcəksiniz ki, şəriət pis şeydir?
Hazırda Azərbaycanda
hakimiyyətə sekulyar alternativlər boğulub, dini alternativlərə süni olaraq
nisbi yaşam fəzası verilir, cəzalandıranda isə dindarları daha ağır cəzalandırmaqla
onlardan qəhrəman düzəldilir. Bütün bunlarla Qərb ölkələrinə, beynəlxalq təşkilatlara
göstərilir ki, “Azərbaycanda yeganə sekulyar rejim variantı indiki
diktaturadır. Demokratiya verilsə, bu xalq dindarları seçəcək.” Bu siyasətin
davamlı olması nə vaxtsa buralarda islam inqilabının baş verməsinə də aparıb
çıxara bilər (halbuki mən inanmıram). Amma Nardaran məhbuslarını müdafiə eləməyin
bu məsələlərə dəxli yoxdur.
Əksinə,
onları müdafiəsiz buraxmaqla, hakimiyyətin iddialarının “doğruluğuna” dəstək
vermiş olarıq. Yəni “Bu ölkədə, doğrudan da, dini təhlükə var, hətta o qədər
ki, təqsirsiz dindarların mühakimə olunmasına da razıyıq.” Amma bunun belə
olmadığını rejimin propaqanda təsirində olmayan istənilən şəxs anlayır.
Və 3-cü
arqument – “onlar hakimiyyətə gəlsə, sekulyarlıq məhv olacaq.” Bəli, elədir.
Əllərində olsa, buranı İrandan da viran edərlər (təbii ki, bu, bizim üçün
virandır, onlar üçün ən ideal rejim olacaq). Amma qeyd etdiyim kimi, onların
hakimiyyətə gəlmə şansları azdır, hələ ki, elə bir iddiaları da yoxdur. Üstəlik,
indi onları müdafiə etmək hakimiyyətə gəlmələrinə dəstək olmaq deyil. Çünki
Nardaran məhbuslarını müdafiə edənlər (yuxarıda qeyd etdiyim şəriət tərəfdarı
olan ifrat mövqeli qrupu istisna edirəm) heç də şəriəti müdafiə etmirlər. Onlar
öz ölkələrində baş verən hüquq pozuntusuna etiraz edirlər, sabah hər kəsin
başına gələ biləcək (başına gəlməkdə olan) özbaşınalığa, zorakılığa qarşı
çıxırlar və bununla bəşəri dəyərlərə sadiqliklərini nümayiş etdirirlər.
Və ən sadəsi
– mən heç kimin işgəncə görmədiyi, hüquqazidd olaraq məhkum olunmadığı cəmiyyətdə
yaşamaq istəyirəm. Belə halların əleyhinə çıxmasam, o zaman dəyərlərimə xəyanət
etmiş olaram, sekulyarizm üçün uydurulmuş təhlükədən cəmiyyəti donkixotcasına
qoruduğumu nümayiş etdirməkdən vaz keçəndə yox.
Comments
Post a Comment