Bir əfsanənin sonu

Bir əfsanənin sonuna gəlmişik. Nida əfsanəsinin. Həyatının ən böyük uğuru yığdığı “like” sayı olan adamlar yəqin lağlağı edəcəklər ki, “bunun nəyi əfsanədir”. Mənim üçün əfsanə olması həmtəsisçi, bir müddət İdarə Heyəti üzvü olduğuma görə deyil. Əsas səbəb dinc və hüquqazidd olmayan fəaliyyətlə bu qədər uğura nail olmaqdır. Silahlı dəstə düzəldib inqilab edən kosasaqqal, ağzıqəlyanlı adamlar kütlə üçün əfsanədir, mənim üçün yox. Mən bu gün yanımda pivəsini içib, işinə gedib, ordan çıxıb qaça-qaça iclasa tələsən, cibindəki son pullarını şüar çapına, xeyriyyəyə sərf edən, bu qədər mundarlığa, oğraşlığa baxmayaraq, mümkünsüzə qədər dirənən insanları əfsanə sayıram.

Bəli, biz meydana milyonları çıxarda bilməmişik, çünki biz elə zamandayıq ki, meydanda 10 nəfər yığılanda qulaqlayıb aparırlar şöbəyə. Biz bu şəraitdə 3000 nəfəri yığmışdıq meydana. (Əlbəttə, tək təşkilatçı Nida deyildi). Biz 200-cə nəfərlə 9 milyon adama “hər etirazınızda sizinləyik” demişik həmişə. Bilirsiniz, kimsə emosional hərəkət edəndə plan qurmur, strategiya müəyyənləşdirmir. Əvəzsiz görülən bütün işlərin motivasiyası isə emosiyalardır. Rasional işlərimiz də olub. Vaxt olub ki, papağımızı qabağımıza qoyub düşünmüşük ki, biz divə qarşı duran qarışqa kimiyik. Öhdəsindən gəlməyimiz bu şərtlər altında mümkün deyil.


Amma davam etmişik. Çünki biz bu ölkəni sevirik. Biz bəşəri dəyərlərin bu ölkədə bərqərar olması üçün bir xeyli şey qurban etməyə hazır idik, etmişik də. Üstəlik vasitələrimizin də bu dəyərlərə uyğun olmasına çalışmışıq, kiminsə hüququnu pozmamışıq, qeyri-hüquqi vasitələrdən istifadə etməmişik.

Məhkəmələrimizi izləyənlərin yadında olar. Prokuroru söymüşdük bir dəfə. Qara-qışqırıq düşmüşdü zalda. Hakimlər prosesi təxirə saldılar. Biz qışqırdıq ki, vəkillərdən imtina edirik – bizsiz proses aparılmasın deyə. Hamı zaldan çıxdı, yalnız biz və vəkillərimiz qaldıq. Hamı çıxandan sonra rəhmətlik Elton müəllim yaxınlaşdı barmaqlığa, dedi, burada sizə səfirliklərin, xarici təşkilatların nümayəndələri baxır, mətbuat yazır, ölkədə də, xaricdə də xeyli adamın gözü sizdədir, belə eləməyin. Sakitcə sözünüzü deyin, təhqir eləməyin, emosiyalarınızı cilovlayın.”

O dava prokurorun Rəşadətə “şərəfsiz” deməsinə görə düşmüşdü, mən də prokuroru söymüşdüm və ara qarışmışdı. Çox əsəbi idik. Biz vicdan məhbusları idik, yəni məhz vicdanlı olduğumuza görə həbsdə idik, kimsə bizə şərəfsiz deyə bilməzdi. Elton müəllim danışandan sonra bir az sakitləşdik, qərara aldıq ki, həmişəki deyə-gülə proseslərimizi davam etdirək.

İndi bunları niyə danışıram? Bilmənizi istəyirəm ki, biz emosional vəziyyətdə də sakitləşib ağıllı məsləhətlərə qulaq da asmışıq, əməl də etmişik. Amma “bu işə başlamamışdan düşünərdin, axıra qədər gedə biməyəcəksənsə, heç başlamazdın” demək haqsızlıqdır, ayıbdır, bəzi adamların timsalında isə əclaflıqdır. Sanki bunlar ona görə bu işə girişməyiblərmiş ki, sonuna qədər gedə bilməzlərmiş. Yox, bəylər və xanımlar. Siz ona görə girişməmisiniz ki, orta-statistik azərbaycanlısınız, maaş sizin vicdanınızı susdurmağa yetir, sizin etirazınız pulla alına bilir, vicdanınıza gedən yol mədənizdən keçir.

Əgər səni vicdan dağıdırsa, sən 3 il, 5 il sonra nələr olacaq deyə, düşünüb, götür-qoy edib qərar vermirsən. Vicdan allahdır. O, mühakimə olunmur, mühakimə edir. Kafirləri isə yandırır öz vicdan odunda və əmin olun ki, bu, müqəddəs kitablarda təsvir olunan cəhənnəm odundan qat-qat daha ağırdır. Vicdanın sənə verdiyi etiraz enerjisi ilə sən gedib suvuran maşının qabağında, rezin gülləyə baxıb gülümsəyirsən. Fikirləşmirsən ki, tutub qalxanların arxasında sənin almacıq sümüklərini qıra bilərlər. Onu fikirləşən adam heç o meydana gəlmir.

Tükənən hər kəs bir yerdə tükənir. Biri 1 ay qızğın müxalifətçilik edir, yanğısı soyuyur, vicdanı bu qədəri ilə təmin olunur, digəri 1 il, biri 10 il. Bəziləri bir ömür mübarizə aparır, Sizif kimi zülmdən zövq alır, öləndə də 3 dəfə “Azərbaycan” deyib ölür. Heç cür vicdanı rahatlamır, etiraz enerjisi tükənmir. Düşünürəm ki, bu vicdanın, enerjinin (hər necəsə adlandıra bilərik) miqdarı insanın genindən də asılı ola bilər, tərbiyəsindən də, ətraf mühitindən də, mütaliəsindən də... Amma əsas məsələ odur ki, adamın enerjisi bitibsə, getmək istəmirsə, ondan əl çəkmək lazımdır. “Biz səndən filan-filan şeylər gözləyirdik” deyən adamların əksəriyyəti yalan danışır. Utanmadan, qırmızı-qırmızı yalan danışırlar. Onlar bizdən heç nə gözləmədiklərini, bizim səhv etdiyimizi, mənasız hay-küyçülük etdiyimizi dəfələrlə deyən adamlardır. Az qism adam doğrudan da, nəsə gözləyirdi. Onlara yazıq olur, bir də bu ölkəyə. Vəssalam.

Nida bu ölkə gənclərinin ən böyük uğurlarındandır. Uğur yadda qalandır. Nida da dövrünü yaşadı. 2013 bunun zirvəsi idi. O zaman Nida oturub şərait yaranmasını gözləmirdi, özü şərait yaradırdı, elə ona görə də məhv edildi. İndi nidaçılar oturub gözləyirlər ki, vəziyyət etiraz təşkil etməyə imkan versin. Bu, həmin əfsanə deyil, onun kölgəsidir, əks-sədasıdır. Nida əfsanəsi bitib, amma elə iz qoyub ki, satqınlıqlarla yox, uğurlarla, fədakarlıqlarla, qurbanlarla, həbslərlə, cəsarətli məhkəmələrlə xatırlanacaq.


P.S. Özüm qətiyyən tükənməmişəm.

Comments