"Bu, əsl müxalifət deyil"

Müxalifət bizim dildə nəyinsə, kiminsə əleyhdarı olmaq kimi anlaşılır. Cəmiyyətimizdə isə hökumətin əleyhdarı olan bir qrup adam kimi başa düşülür. Diktaturalara, qəddar rejimlərə, həm də uzun müddət müxalif olmaq şərəfdir. Bəs müxalifət yalnız siyasi hakimiyyət nöqteyi-nəzərindənmi dəyərləndirilməlidir. Normal ölkələrdə, yəqin ki, hə. Bizim onlarla işimiz yoxdur. Biz üçüncü dünyanın da ən bərbad ölkələrindən birinin sakinləriyik.

Bizdə iqtidar 24 ildir, dəyişilməz olaraq, davam edir. Bu illər ərzində balaca tariximizdə qazana bildiyimiz dəyərləri məhv etməklə, cəmiyyətin mənəviyyatını aşındırmaqla, deqredasiyanı dərinləşdirməklə məşğul olublar. Onların vurduğu ziyan yalnız parlamentin təyinatlı deputatlarla doldurulmasından, korrupsiyanın tüğyan etməsindən ibarət deyil. Bu, 1-2 il davam etsə idi, yalnız bu görünənlərdən ibarət olardı. amma 24 il çox böyük dövrdür və ziyan hiss etmədiyimiz miqyasdadır, çox dəhşətlidir.

Misallarla izah edim. Bir qadın əri tərəfindən döyüldüyü ilə bağlı polisə müraciət edəndə aldığı reaksiya əlsər hallarda “yaxşı arvad polisə gəlməz”, “ər adamı döyər”, “ailədə olan söhbətdir” və s. olur. Yaxud bir qız yolda seksual qısnamaya məruz qalarsa, dövlət olaraq, kimə müraciət edəcək? Məncə faktiki olaraq heç kimə. Yaxud bir gay təcavüzə məruz qalsa, bu hüquq pozuntusunu kimsə araşdıracaqmı?

Həbsdə digər dustaqlara məhkəməyə, prokurorluğa və s. ərizə, şikayət yazmaqda kömək edirdim. Bir dəfə
bir hökm göndərdilər qonşu kameradan. Xahiş etdilər ki, appellyasiya şikayəti yazım. Oxudum, gördüm ki, təqsirləndirilənlər (2 nəfər) ifadələrində bildiriblər ki, bir seks işçisi olan homoseksualı taksiyə mindirib yolda maşını saxladaraq onu soyublar. İndi məndən xahiş edirdilər ki, appellyasiya şikayətində “onsuz da petuxdur da” “arqument”ini hüquqi olaraq, ifadə edim. İmtina etdim yazmaqdan. Məsələ burasındadır ki, dustaqlar dövlət orqanlarının, o cümlədən məhkəmənin seksual azlıqlara münasibətini bilirlər deyə, bundan sui-istifadə edirlər.

Dövlət orqanlarının, vəzifəli şəxslərinin ailə-məişət mövzusunda, şəxsi azadlıqlar müstəvisində bu gerizəkalı yanaşması çox geniş yayılıb. 24 ildir, davam edən mənəvi aşınma isə bunu cəmiyyətə də sirayət etdirib. Onsuz da cəmiyyətimiz kifayət qədər mühafizəkar idi, bu rejimin dövründə isə daha da mühafizəkarlaşdı. Ümumiyyətlə, siyasi hakimiyyət nə qədər açıq olsa, cəmiyyət də o qədər açıq olur. 1985-95 bu baxımdan bizim “qızıl dövr” idi. Stadionlarda rok konsertlər olurdu, bulvarda uzun sıralarda gənclər öpüşürdülər, geyimdə dəblə ayaqlaşmağa çalışırdıq... Çünki bir az demokratiya var idi, nəsə iş görmək istəyəndə alınırdı, ona görə də camaat rahat idi, mövhumata qapılmırdı, xilası göylərdə, pirlərdə, falda axtarmırdı.

90-cı illərin ortalarına yaxın artıq repressiyalar gücləndi, siyasi rejim qapalı olmağa başladı, cəmiyyət də qapandı. Məhkəmələrdə, dövlət orqanlarında ədalət görməyən, mülkiyyət hüququ pozulduğundan pul qazanmaqda çətinlik çəkən insanlar çaş-baş qaldılar, elə bildilər ki, bunun təqsiri açıq-saçıq geyindiklərinə görə Allahın verdiyi cəzadır, homoseksuallara tolerant olduqlarından düşər-düşməz məsələsinə görədir, Mirmöhsün ağanın qəbrinə az getdiklərinə görədir, arvada qulaq asdıqlarına görədir və s.

Bəs birdən siyasi hakimiyyət dəyişsə, nə olacaq? Bu, baxır hakimiyyətə gələcək insanların açıqlığına, şəxsi keyfiyyətlərinə. Hazırda azad yaşayan və ya yaşamış xalqların xeylisi bir liderin və ya bir qrup idarəedicinin şəxsi keyfiyyətlərinə görə xilas ola bilib. Ona görə də müxalifətçilik yalnız siyasi hakimiyyəti dəyişmək mövqeyindən ibarət olmamalıdır. Biz bu despotizmin bizə gətirdiyi bütün gerizəkalılıqlara, qapalılıqlara, mövhumata müxalif olmalıyıq.

Homofob müxalifətçi olmur.

Cinsi ayrıseçkilik tərəfdarı müxalifətçi olmur.

Mövhumatçı müxalifətçi olmur.

Qadınların döyülməsinə azca da olsa, tolerant yanaşan müxalifətçi olmur.

Dərsliklərimizə dini təbliğatın salınmasına tolerant yanaşan müxalifətçi olmur.

Bu rejimi dəstəkləyən yazıçının, şairin dostu, repressiya aləti olmuş təşkilatın üzvü müxalifətçi olmur...

Dəyər daşıyıcısı olmaqla siyasi hakimiyyətin dəyişməsini istəmək fərqli şeylərdir. Bu rejim azad biznes mühiti yaratsa (halbuki bu da mümkün deyil) belə adamların çoxu gedib alverlərini edəcəklər, müxalifətçilik-zad yada düşməyəcək. Çünki dəyər baxımından indiki rejimlə ciddi fərqləri yoxdur. “Siz iqtisadiyyatı batırırsınız, camaat acından ölür, qoyun, biz gələk, iqtisadiyyatı qaldıraq, amma başqa məsələlərdə camaatı batırmaqda davam edək” – iqtidarla dəyər fərqi olmayan “müxalifətçi”lərin hakimiyyətə dediyi budur.


Söhbət paranoyakcasına hər şeyin əleyhinə çıxmaqdan getmir, amma bu iqtidarın əleyhinə çıxırıqsa, onun dəyərləri aşındıran, cəmiyyəti məhv edən hər şeyinin əleyhinə çıxmalıyıq – homofobiyasının, cinsi ayrıseçkiliyinin, 60-cılar ədəbi nəslinə yaltaqlığının və s. və i.a. Yeri gəlmişkən, indi sırf siyasi müxalif fəaliyyətə imkan verilmir deyə, iqtidardan fərqli dəyər daşıyıcısı olmayan insanlar özlərini çox tez yandırırlar, əleyhinə çıxdıqları iqtidara oxşadıqlarını biabırçı şəkildə büruzə verirlər. 

Comments