Tualetə xərclədiyimiz vaxtla dünyanı xilas etmək...



Tualetə, hamama və s. belə gic-gic şeylərə xərclədiyim vaxta heyfim gəlir. Deyirəm görən niyə bunun üçün daha uğurlu ixtira etmirlər? Axı bundan da mürəkkəb ixtiraları bacarırlar. Məsələn, elə həb olardı ki, o, bədənimizdəki bütün qida qalıqlarını enerjiyə çevirərdi və tualetə heç vaxt getməzdik, ən azından böyük tualetə. Heç də hər xırda şeyin arxasında buynuzlu masonlar kimi böyük qüvvələrin durduğu kimi inancım yoxdur, amma bu tualet məsələsində məncə məqsədli fəaliyyət var. Başdan başlayaq:
İdeologiyalı sistemlər daha möhkəm olurlar – SSRİ, nasist Almaniyası və s.. Düzdür, onların möhkəmliyi aldadıcıdır, çünki ideologiya özü də yalanlar üzərində qurulur. Amma bizim kimi ideologiyasız cəmiyyətlər zəif və təhlükəli olurlar. Əlbəttə, ideologiya ilə möhkəmləndirilmiş zombilər ölkəsi daha təhlükəlidir, onları hara istiqamətləndirsən, gedəcəklər. Amma bizim kimi xaotik, Braun hərəkəti sayaq hərəsi bir yerə istiqamətlənmiş aciz insanlardan ibarət cəmiyyətlərin də hansısa təhlükəli ideologiyanın təsirinə düşməyəcəyi qarantiyalı deyil.
SSRİ-dən sonra bu 22 milyon kvadrat kilometrdən böyük ərazidə ideologiya böhranı yaşandı. Hələ də yaşanır. İnsanlar vaxtilə asanlıqla cavab tapdıqları sualları yenə verirlər. Çünki bu cavabların yalan olduğunu öyrəniblər, ideologiya çöküb. İndi bu nəhəng ərazidə yaranan MDB-ə daxil olan dövlətlərdə əsas məsələ əhalini ac saxlamaqdır ki, Qorbaçova qədər içlərində olan əminliyin əvəzində indi hiss etdikləri boşluğu duymasınlar, duymağa imkan tapmasınlar. Çünki bunu fikirləşdikcə cavabsız suallar çoxalacaq. İnsan da ki, suallarına cavab tapmayanda ya özündən cavab uydurur (bu, az hallarda olur), ya da asanlıqla bu suallara çoxdan uydurduğu hazır cavabları olan başqa ideoloji səfsətələrin təsirinə düşür.
Hardan yadıma düşdü bunlar? Bayaq evdə atama bir xəbər dedim. Bəşəriyyətin 100 ən təsirli əsərinin siyahısı açıqlanıb və burada bizə “dünya şöhrətli” deyilərək sırınan Nizami, Nəsimi, Füzuli və s. yoxdur. Atam başladı bu adı çəkilənləri və həmin və s.-ə daxil olanları müdafiə etməyə. Müdafiəni məntiq üzərində qurmadığından aydın olurdu ki, bu, sadəcə onun kor-koranə inamıdır. Hətta mənim məntiqli sualıma cavab vermək üçün bunu deməkdən çəkinmədi ki, bütün səs verənlərə əvvəldən deyiblər ki, Azərbaycandan heç bir əsərin adını çəkməsinlər. Mən bir az dirəşən kimi laqeydlik göstərdi ki, daha vacib işlərim var, məsələn, “əşi, mən deyirəm, sabah bankın kreditini necə qaytarım, sən Nizamidən danışırsan”.
Bu cavab MDB hökumətlərinin hamını daim kasıb saxlamaq siyasətinin məqsədini çılpaqlığı ilə göstərir. Bu hökumətlərin vətəndaşlarının hələ də inandıqları bəzi nəsnələrə şübhələrinin yaranmaması üçün əsas vasitə düşünməyə vaxt saxlamamaqdır. İşləmək, işləmək, yenə də işləmək. Başını qaşımağa vaxtın olmamalıdır ki, şübhələrlə boşluğu hiss etməyəsən. Çünki o zaman qarşısıalınmaz ola bilərsən. Bəli, atam “Azərbaycan dahilər diyarıdır” “həqiqət”inin blef olub-olmadığını fikirləşməkdənsə, sabahkı bank kreditini, yəni cari qarın problemini fikirləşməyi üstün tutdu, buna məcburdur.
Bu dediklərim təkcə SSRİ sərhədləri ilə məhdudlaşmır. Dünya başdan-başa belədir. Bizə yaradılan minlərlə əyləncə vasitələrini guya xoş niyyətlə yaradıblar? Bütün ixtiraçılar Nils Bor kimi ixtirası axmaq məqsədlərə xərclənəndə peşman olanlardan deyillər. Qayıdaq başa. Niyə süni beyinə qədər hər şey yarada bilənlər tualet həblərini yarada bilmirlər. Çünki onda insanların boş vaxtları, nəticədə pulları, onun da nəticəsində düşünmək üçün vaxtları çoxalar. Düzdür, tualet çox sadə misaldır, deyə bilərsiniz ki, adam elə tualetdə oturanda avara olur da. Amma bir düşünün ki, adam tualetə xərclədiyi saatları daha faydalı işə sərf edir.
Əsas məsələ insanların eşşək kimi işlədilərək içlərində daim mövcud olan boşluğu hiss etmələrinə imkan verməməkdir. Nə bilmək olar, bəlkə də vaxt xərcləyib bu yazını yazmaq mənim həmin boşluğu doldurmam üçün daha faydalı işlə məşğul olmamın qarşısını alır və kompüter həm də bunun üçün ixtira olunub!?

Comments