Emin Milli ilə o qədər də razı deyiləm

Emin Milli Əbülfəz Elçibəyin 1975-ci ildə yayıldığı iddia edilən məktubunu paylaşıb və qeyd edib ki, “bu məktubu yazan insanı heç vaxt dövlət başçısı seçməzdim. Elçibəyi bu gün də özünə lider kimi qəbul edənləri, onun kultunu təbliğ edənləri isə özumə lider seçməzdim. Belə məktubu yazan insan sonda Heydər Əliyevi hakimiyyətə gətirməli idi və bunuda etdi. Həqiqət budur.”

Emin bəyin kimə səs verməsi, kimi lider seçməsi mənlik deyil, sadəcə əsaslandığı arqumentlər içərisində ittihamlar olduğundan bunlara münasibət bildirmək istədim, çünki bəziləri mənim də ittihamlarımla üst-üstə düşür.


Məktubda indiki əfv ərizələri stilində xahiş və “günahını boynuna alma” məqamları var və Emin bəy də məhz bunlara görə Elçibəyi ittiham edib dövlət başçısı postuna layiq bilmir. Məktubu oxudum və bir neçə məqam diqqətimi çəkdi:
1)    Yazının 9 abzasından cəmi ikisi (o da ən kiçik abzaslar) “günahını boynuna alma” məsələsidir. Qalan hissələrdə nə deyilir? – rus dilinin hegemonluğuna etiraz, azərbaycan dilinin gündəlik istifadə və rəsmi dil səviyyəsinə qaldırılmasının vacibliyinin vurğulanması, rus dilinin zorla qəbul etdirilməsinə konkret misallar, Azərbaycan əhalisinin əksəriyyətinin türk olması, tarixi Turan dövlətinin bərpasının onların vəzifələrindən biri hesab olunması, Azərbaycanın müstəqilliyinin vacibliyi, nəinki təkcə Azərbaycanın, eləcə də digər türk dövlətlərinin müstəqilliyinin bərpasının, hətta digər türk dövlətlərinin Azərbaycanın başçılığında birləşdirilməsinin zəruriliyi, bütün bu milli və taleyüklü məsələlər naminə gənclərin birliyə çağırılması və digər bu kimi məsələlər. Təsəvvür edin, 1975-ci ildir, ABŞ-ən Vyetnam uğursuzluğundan sonra sovet təbliğat maşının qılıncının dalı da kəsir, qabağı da, eləcə də SSRİ iqtisadiyyatı 80-lərin enişinə qədər olan kulminasiyasını yaşayır. Bir sözlə, sovetin əleyhinə çxmağın möcüzə hesab olunduğu vaxt yuxarıda yazdığım ideyalar əsaslandırılmış şəkildə rəsmi mətbuatda dərc olunur. Mən inanıram ki, Əbülfəz bəy son 2 abzasdakı fikirlərinə inananları öz hədəf kütləsi hesab etmirdi. Əlbəttə, istəyirdi ki, xalqın hər bir fərdi beyin yumadan xilas olsun, amma müstəqilliyə qədər hansısa azlıq etiraz etməli idi, çoxluq isə yenə də kölə olaraq qalacaqdı. Əbülfəz bəy də məhz bu etirazçı azlığı hədəf alaraq, məktubun son 2 abzasadək hissəsində öz fikirlərini yazmış və bu məktubda deyilmiş dəyərli fikirləri götürə bilən şəxslərə, xüsusən gənclərə fikirlərini çatdıra bilmişdir. Əvvəldən öz silahdaşları olan şəxslərə isə deyə bilmişdi ki, “mən onsuz da öz fikrimdəyəm, müvəqqəti çətinliklərə səbəb olan işgəncələr bizi fikrimizdən döndərə bilməz”.

2)    Həbsdə insanın başına nə gələcəyini həbsdə olmayanlar heç vaxt bilə bilməz. Həm də bu zaman hansı dövlətin hansı məhbəsində olması nəzərə alınmalıdır. Mən 15 gün Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində həbsdə olmuşam və yalnız psixoloji təzyiqə məruz qalmışam. Amma mən heç vaxt Emin Milli barədə deyə bilmərəm ki, “O, həbsdə filan şeyi səhv edib.” Çünki mən onun yerində olsam, necə davranacağımı bilə bilmərəm. Kimsə işgəncə altında dözəcəyini söz verirsə, əmin olun ki, o adam pafosdan ağzı köpüklənən riyakardır. Əbülfəz bəyin nələr çəkdiyini biz bilmirik, amma 1937-ni törətmiş dövlətin məhbəsində olduğunu nəzərə alaraq, hesab edə bilərik ki, biz təsəvvür edə biləcəyimizdən daha dəhşətli şeylər baş verib. Məhz bu dəhşətlərin təsiri altında öz fikirlərini az-çox çatdıra bilən məktubu rejimə qəbul etdirə bilibsə, deməli, bu məktub Əbülfəz bəyin böyük uğurudur.

Qaldı ki, mənim Eminlə üst-üstə düşən ittihamlarıma: Elçibəy Heydər Əliyevi hakimiyyətə dəvət edən, o gələndə isə, qanuni və milyonların ona etibar etdiyi postu qoyub qaçan, bizi hazırda da davam edən dəhşətlərə məhkum etmiş, Azərbaycana ən böyük ziyanlardan birini vurmuş şəxsdir. Necə ki, İsa Qəmbər öz cəsarətsizliyi ilə 2003-cü ildə Azərbaycanı İlham Əliyevin caynağına atdı, Elçibəy də eləcə 1993-cü ildə bu ölkəni Heydər Əliyevin ixtiyarına təqdim edib.

P.S. Bu məktubun yayılmasına görə, tutduğu mövqeyə görə, xüsusən də məhz demokratiya quracağını iddia edən müxalifətin əleyhinə çıxdığına görə Emin Millinin şəxsiyyətini müzakirəyə çıxartmaq, onun keçmişini araşdırmaq əxlaqsızlıq, bloq postundan yan keçib başqa hansısa məsələyə toxunub-toxunmadığını diqqətə çatdırmaq əslində Eminin fikri ilə razılaşmaq və nəticədə riyakarlıqdır.

Comments