Azadlıq həyatdan üstündür



2015-ci ildə çəkilmiş məşhur filmlərdən biri də “Danimarkalı qız” filmidir. Film David Ebershoff-un rəssamlar Lili Elbe və Gerda Wegener haqqında yazdığı eyniadlı romanı əsasında çəkilib. Qeyd edilir ki, hadisələr reallıqda baş verib.

Filmdə rəssam Einer Wegener-in qadın olma prosesindən və bu zaman onun və arvadının yaşadığı ağır psixoloji sarsıntılardan bəhs edilir. Einer arvadı üçün model olmağa razılaşır və müvəqqəti qadın paltarı geyinir. Bununla da o, içindəki qadını kəşf edir. Əslində daxilən qadın olduğunu dərk edir.

Arvadı isə onu çox sevir, ona görə ərini itirməyi qəbul edə bilmir, amma Einer-in fiziki quruluşunun onun üçün qəfəs olması həqiqətini dərk edəndən sonra fədakarlıq etmək qərarına gəlir. Einer deyir ki, “mən qadınam, mən Lili-yəm, sadəcə fiziki quruluşum kişidir.”

Vəziyyətdən çıxış yolu görünmür. Psixiatr, psixoloq, nevropatoloq çarə edə bilmir. Amma bir gün bir həkimə rast gəlirlər və o, tibbin bunun üçün hələ çox da inkişaf eləmədiyi dövrdə - 1926-cı ildə Lili-nin cinsini dəyişməyə razı olur. Proses 2 əməliyyatla yekunlaşmalı idi. İkinci əməliyyatdan bir müddət sonra Lili vəfat edir.


Arvadı Gerda isə sona qədər onunla olur, ona Einer deyə yox, Lili deyə müraciət edir, onunla əri kimi yox, rəfiqəsi kimi davranır. Bu böyük ürək sahibi olan qadın Lili-yə elə dəstək verir ki, o, bu qədər çətinliklərə baxmadan iradəsini sona qədər qoruyur, təslim olmur və filmin sonunda da deyildiyi kimi özündən sonra cinsini dəyişmək istəyənlər üçün böyük nümunə qoyur, onların yolunu açır.

Bir müddət əvvəl bir nəfərin bloqundan oxumuşdum ki, insan adətən hüquqları uğrunda mübarizə aparır, amma cinsini dəyişən və ya dəyişmək istəyən insanlar öz hüquqları uğrunda yox, ilk olaraq öz bədənləri, hissləri, kimlikləri uğrunda savaşırlar”. Bu, çox ağır bir prosesdir. Qərar vermə, onu icra etmə, patriarxal cəmiyyətin təzyiqlərinə, təhqirlərinə, o cümlədən fiziki təzyiqlərinə dözmək hər adamın bacaracağı iş deyil.

Başa düşürəm, cəmiyyətimizdə onlar xoş qarşılanmırlar, çünki patriarxalıq. Kişi mərkəzliyik. Kişimərkəzçiliyə görə insanlar ya kişi ola bilərlər, ya da ona xidmət edən qadın, qalan hər növ istisna olunur. Çünki belə yaşamaq asandır, dözüm – tolerans tələb etmir. Fərqli fikrə, fərqli irqə, cinsə, həyat tərzinə dözümsüz insanlar üçün patriarxat cəzbedicidir. Amma insanların şəxsi həyatına, cinsi orqanlarına, həyat tərzi seçimlərinə qarışmaq olmaz. Bunun təbii və ya süni olması da heç nəyi dəyişmir. Yəni kimsə öz istəyi ilə dönüb homoseksual olursa, bu da normal qəbul olunmalıdır, yoxsa bunun anadangəlmə verildiyini sübut etməyə də çalışmaq lazım deyil. Seçim etmək azadlığı özü anadangəlmə verilir, bu, kifayətdir. Lili əməliyyata girəndə həkimə deyir ki, bu, tanrının səhvidir, sən onu düzəldəcəksən.

Sonda Gerda Liliyə vaxtilə bağışladığı yaylığı havaya buraxır. Yanındakı kişi yaylığı tutmaq istəsə də, deyir, dəymə. Yaylıq isə uçur, təbiətin, insanların Liliyə qıymadığı azadlığı əldə etmiş kimi uçur. Bu, həm də özündən sonrakılar üçün simvoldur - əslində nəsənsə, məhz o ol. Azadlıq hər şeydən üstündür, həyatdan da.

Bizdə də belə bir nümunə olub – İsa Şahmarlı. Yazmışam İsa haqqında. Təkrarçılıq etmək istəmirəm. İsa azadlığı həyatdan üstün tutan adam olub və özündən sonrakılara nümunə olub. Lilinin yaylığı kimi sonsuzluğa uçub.

Bu yazı 22 yanvar – Azərbaycanda homofobiyaya qarşı mübarizə gününə həsr olunur.

Comments