2015-ci
ildə çəkilmiş məşhur filmlərdən biri də “Danimarkalı qız” filmidir. Film David
Ebershoff-un rəssamlar Lili Elbe və Gerda Wegener haqqında yazdığı eyniadlı romanı əsasında çəkilib. Qeyd edilir
ki, hadisələr reallıqda baş verib.
Filmdə
rəssam Einer Wegener-in qadın olma
prosesindən və bu zaman onun və arvadının yaşadığı ağır psixoloji
sarsıntılardan bəhs edilir. Einer arvadı üçün model olmağa razılaşır və müvəqqəti
qadın paltarı geyinir. Bununla da o, içindəki qadını kəşf edir. Əslində daxilən
qadın olduğunu dərk edir.
Arvadı
isə onu çox sevir, ona görə ərini itirməyi qəbul edə bilmir, amma Einer-in
fiziki quruluşunun onun üçün qəfəs olması həqiqətini dərk edəndən sonra fədakarlıq
etmək qərarına gəlir. Einer deyir ki, “mən qadınam, mən Lili-yəm, sadəcə fiziki
quruluşum kişidir.”
Vəziyyətdən
çıxış yolu görünmür. Psixiatr, psixoloq, nevropatoloq çarə edə bilmir. Amma bir
gün bir həkimə rast gəlirlər və o, tibbin bunun üçün hələ çox da inkişaf eləmədiyi
dövrdə - 1926-cı ildə Lili-nin cinsini dəyişməyə razı olur. Proses 2 əməliyyatla
yekunlaşmalı idi. İkinci əməliyyatdan bir müddət sonra Lili vəfat edir.
Arvadı
Gerda isə sona qədər onunla olur, ona Einer deyə yox, Lili deyə müraciət edir,
onunla əri kimi yox, rəfiqəsi kimi davranır. Bu böyük ürək sahibi olan qadın
Lili-yə elə dəstək verir ki, o, bu qədər çətinliklərə baxmadan iradəsini sona qədər
qoruyur, təslim olmur və filmin sonunda da deyildiyi kimi özündən sonra cinsini
dəyişmək istəyənlər üçün böyük nümunə qoyur, onların yolunu açır.
Bir
müddət əvvəl bir nəfərin bloqundan oxumuşdum ki, insan adətən hüquqları uğrunda
mübarizə aparır, amma cinsini dəyişən və ya dəyişmək istəyən insanlar “öz hüquqları uğrunda yox,
ilk olaraq öz bədənləri, hissləri, kimlikləri uğrunda savaşırlar”. Bu, çox ağır bir
prosesdir. Qərar vermə, onu icra etmə, patriarxal cəmiyyətin təzyiqlərinə, təhqirlərinə,
o cümlədən fiziki təzyiqlərinə dözmək hər adamın bacaracağı iş deyil.
Başa düşürəm, cəmiyyətimizdə onlar xoş
qarşılanmırlar, çünki patriarxalıq. Kişi mərkəzliyik. Kişimərkəzçiliyə görə
insanlar ya kişi ola bilərlər, ya da ona xidmət edən qadın, qalan hər növ
istisna olunur. Çünki belə yaşamaq asandır, dözüm – tolerans tələb etmir. Fərqli
fikrə, fərqli irqə, cinsə, həyat tərzinə dözümsüz insanlar üçün patriarxat cəzbedicidir.
Amma insanların şəxsi həyatına, cinsi orqanlarına, həyat tərzi seçimlərinə
qarışmaq olmaz. Bunun təbii və ya süni olması da heç nəyi dəyişmir. Yəni kimsə
öz istəyi ilə dönüb homoseksual olursa, bu da normal qəbul olunmalıdır, yoxsa
bunun anadangəlmə verildiyini sübut etməyə də çalışmaq lazım deyil. Seçim etmək
azadlığı özü anadangəlmə verilir, bu, kifayətdir. Lili əməliyyata girəndə həkimə
deyir ki, bu, tanrının səhvidir, sən onu düzəldəcəksən.
Sonda Gerda Liliyə vaxtilə bağışladığı yaylığı
havaya buraxır. Yanındakı kişi yaylığı tutmaq istəsə də, deyir, dəymə. Yaylıq
isə uçur, təbiətin, insanların Liliyə qıymadığı azadlığı əldə etmiş kimi uçur.
Bu, həm də özündən sonrakılar üçün simvoldur - əslində nəsənsə, məhz o ol.
Azadlıq hər şeydən üstündür, həyatdan da.
Bizdə də belə bir nümunə olub – İsa Şahmarlı.
Yazmışam İsa haqqında. Təkrarçılıq etmək istəmirəm. İsa azadlığı həyatdan üstün
tutan adam olub və özündən sonrakılara nümunə olub. Lilinin yaylığı kimi
sonsuzluğa uçub.
Bu yazı 22 yanvar – Azərbaycanda homofobiyaya
qarşı mübarizə gününə həsr olunur.
Elə "Uzağın bir adı var" mahnısına qulaq asırdımki bu yazı çıxdı qabağıma.Şəkil hardandır bəs? :)
ReplyDeleteşəkildəki isa şahmarlının başdaşıdır
Delete